Britaniyanın İTV kanalında Qarabağ atları haqqında reportaj yayımlanıb

Böyük Britaniyanın İTV kanalında 11-15 may tarixlərində Kral Vindzor At Şousunda iştirak etmiş 15 Qarabağ atı haqqında reportaj yayımlanıb.

 

APA TV-nin xəbərinə görə, reportaj ITV kanalının təxminən 700 min izləyicisi olan “Sabahın Xeyir Britaniya” adlı populyar əyləncəli-informasiya  verilişinin hava xəbərlərinin aparıcısı və at çaparı Laura Tobinin təqdimatında verilib.

 

Xatırladaq ki, Qarabağ atlarının Kral Vindzor At Şousunda iştirakı Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə baş tutub.

 

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter İTV kanalına müsahibəsində Azərbaycan və Qarabağ  atlarının Vindzor Şousunda iştirakının təmin edilməsi barədə danışıb: “Qarabağ atları öz sürəti, dözümlülüyü və çevikliyi ilə məşhurdur. Onlar sadəcə şou üçün olan heyvanlar deyil, həmçinin gündəlik istifadəyə də yararlıdır. Onlarla məşq etmək olur. Qarabağ atları polonun Azərbaycan versiyası olan çovqan oyununda iştirak etmək üçün də kifayət qədər cəld və sərtdir.”

 

Lionel Zetter  daha sonra  məlumat verib ki, TEAS yalnız atların deyil, rəqqaslar qrupunun da Bakıdan Vindzora gəlməsini təmin etmək üçün ARAF və Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə çalışıb. TEAS həmçinin mədəniyyət pavilyonunu da təşkil edib. Burada Azərbaycan milli geyimləri sərgilənib və Azərbaycanın unikal topoqrafiyasını göstərən videolar da nümayiş etdirilib. Yüzlərlə qonaqlara Azərbaycanın təravətləndirici limonlu çayı və paxlavası canlı muğam musiqisi sədaları altında təqdim olunub.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv