Goranboyda 5 nəfərlik oğru dəstəsi ələ keçdi - BİRİ QADINDIR

Goranboyda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus mənzillərdən, mağazalardan və dövlət müəssisəsindən oğurluq edən 5 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.

 

Goranboy rayon sakinlərindən ibarət dəstə üzvlərindən biri qadındır. 1981-ci il təvəllüdlü Nurlana Cəfərovadan başqa, 1988-ci il təvəllüdlü Samir Bayramov, onun qardaşı, 1988-ci il təvəllüdlü Kamil Bayramov, 1990-cı il təvəllüdlü Tahir İbrahimov və Samir Alışanov saxlanılıb. Onlar rayonun Muzdurlar kənd poçt şöbəsindən içərisində 441 manat pul və sənədlər olan seyfi aparıblar. Həmçinin Goranboyda və Göygöldə olan 4 mağazanı yararaq oradan müxtəlif ərzaq məhsulları, tütün məmulatları, spirtli içki və  POS-terminal aparatı da oğurlayıblar.

 

Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, Nurlana Cəfərova əvvəllər oğurluq etdiyinə görə islah işlərinə cəlb olunub. Dəstə üzvlərindən oğurluq etdiklərinə görə Kamil Bayramov 3 il 6 ay, Samir Bayramov isə 4 il 6 ay məhbus həyatı yaşayıblar.

 

Faktlarla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq davam etdirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli