ABŞ-ın müşahidəçilər qrupu bəyanat yaydı
Amerika Birləşmiş Ştatlarından olan müşahidəçilər qrupu prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatı təqdim edən Texas ştatından keçmiş konqresmen Solomon Ortiz qeyd edib ki, 48 nəfərdən ibarət qrupa keçmiş konqresmenlər və jurnalistlər daxil olub.
Amerikalı müşahidəçilər 200-ə yaxın məntəqədə olub. Onların fəaliyyət göstərməsi üçün sərbəstlik təmin olunub. Qrupun müşahidələrinə görə, seçkilərdə yüksək seçici fəallığı olub, seçki məntəqələrdə 100 veb kamera quraşdırılıb.
APA TV-nin xəbərinə görə, S.Ortiz bildirib ki, müşahidəçilər qrupunun qənaətinə görə, seçkilər şəffaf və azad şəkildə keçirilib.
Azərbaycanda prezident seçkilərinin gedişini müşahidə etmiş Almaniyanın seçkiləri müşahidə qrupu bəyanatla çıxış edib. Qrupun rəhbəri Eduard Lintnerin imzaladığı bəyanatda deyilir.
“Seçicilər seçki bülletenlərini götürüb xüsusi seçki kabinələrinə daxil olur və heç bir müdaxilə olmadan sərbəst şəkildə səs verirdilər. Seçki bülletenləri şəffaf seçki qutularına atılırdı. Yerli orqanların nümayəndələri və ya nəzarətçi geyimli şəxslər seçki məntəqələrinin ətrafında idilər. Heyət üzvləri nə elementar demokratik qaydalara qarşı, nə də ümumiyyətlə, hər hansı zorakılıq müşahidə etməyiblər”.
Azərbaycanda prezident seçkilərini izləyən Çexiya Senatının nümayəndə heyəti mətbuat konfransı keçirib.
Nümayəndə heyətinin rəhbəri Yaroslav Palas deyib ki, seçkilər çox yaxşı təşkil olunub. Onun sözlərinə görə, seçki, sülh şəraitində və şəffaf şəkildə azad və ədalətli seçki prinsiplərinə uyğun keçirilib.
Y.Palas ümid etdiyini bildirib ki, seçkilərin nəticələri Azərbaycanda demokratiyanın inkişafına daha da təkan verəcək.
Nümayəndə heyətinin üzvü Voitex Filip də seçkilərin yaxşı təşkil olunduğunu xatırladıb. O, seçkilərin demokratik keçirildiyini bildirib.