Erməni generalı: “Təmas xəttində vəziyyət ildırım sürəti ilə dəyişə bilər”
Ermənistan-Azərbaycan sərhədində vəziyyət ildırım sürəti ilə dəyişə bilər. APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, bu fikirləri jurnalistlərlə görüşündə Ermənistan ordusunun korpus komandiri, general-mayor Andranik Makaryan səsləndirib.
"Təmas xəttində vəziyyət hər an ildırım sürəti ilə dəyişə bilər. Buna görə də biz Azərbaycan tərəfinin cəbhədə atəşkəs rejimini dəstəkləməsi ilə bağlı vədlərinə inanmamalıyıq", - deyə A.Makaryan bildirib.
O, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin Qarabağdakı mövcud durumla eyniləşə biləcəyini də istisna etməyib. Mayın 3-də Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan cəbhə xəttində Azərbaycan qoşunlarının aktiv yerdəyişmələri davam etdirdiyi, hazırda Azərbaycan tərəfdə aprelin əvvəlində olduğundan daha çox qüvvə və texnikanın cəmləşdiyi ilə bağlı açıqlama verib.
Qeyd edək ki, daha öncə Ermənistan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Koryun Naapetyan Azərbaycanın Naxçıvan istiqamətində əlavə ordu qüvvələri cəmləşdirdiyini açıqlayıb.