Göyçay sakini 20 gün öncə ata olan əmisi oğlunu güllələdi
Göyçayda silahlı insident olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alıkənd kəndində qeyd alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Raqif Məmmədov ot biçimi üstündə düşən mübahisə zamanı həmkəndlisi olan əmisi oğlunu, 1986-cı il təvəllüdlü Nurlan Məmmədovu ov tüfəngi ilə güllələyib. Təcilli olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Nurlan Məmmədov cərrahiyyə əməliyyatı olunub.
Qeyd edək ki, Nurlan Məmmədov 20 gün öncə ata olub. Hadisə şahidi, Nurlan Məmmədovun qardaşı Asif Məmmədov APA TV-yə müsahibəsində deyib ki, atası və qardaşı ilə Raqif Məmmədovdan aldıqları otu biçərək sahədən götürərkən aralarında 20 manata görə mübahisə yaranıb. Raqif tüfənglə Nurlanı güllələyib, sonra onun atasını öldürmək istəyərkən Asif onun əlindəki tüfəngi almağa cəhd edib və bu zaman atəş havaya açılıb. Xoşbəxtlikdən güllə atasına dəyməyib.
Hadisəni törədən Raqif Məmmədov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.