Gürcüstanın müdafiə naziri: "Ermənistan bizim strateji tərəfdaşımız deyil"
"Bizim əsas tərəfdaşlarımız Azərbaycanla Türkiyədir. Mən bunu bu ilin yanvarında Yerevanda səfərdə olarkən də bildirmişəm. Ermənistan bizim strateji tərəfdaşımız deyil".
APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu bəyanatla Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələdə keçirilən üçtərəfli görüşündən sonra təşkil olunan mətbuat konfransında Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli çıxış edib.
O bildirib ki, Gürcüstanla Ermənistan arasındakı əməkdaşlığın taleyi Yerevanın seçimindən asılı olacaq: "Bu əlaqələr dostluqdan o tərəfə keçməyəcək. Yəni strateji tərəfdaşlıqdan söhbət gedə bilməz".
Gürcü nazirin sözlərinə görə, ölkəsinin əsas məqsədi Avro-Atlantik inteqrasiyadır: "Türkiyə NATO-nun üzvü olduğundan, bu fakt Gürcüstanla bu ölkə arasındakı strateji əməkdaşlığın gələcəyini müəyyən edir. O cümlədən Azərbaycan da bizim önəmli tərəfdaşımızdır. Ermənistana gəlincə, bu ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur".
Tinatin Xidaşeli deyib ki, Ermənistan artıq öz seçimini edərək, Avrasiya İttifaqına qoşulub: "Biz isə bu quruma daxil olmaq niyyətində deyilik".
Gürcüstanın müdafiə nazirinin irəli sürdüyü tezislər ölkənin "Milli Təhlükəsizlik Doktrinası"nda da öz əksini tapıb. Sözügedən sənəddə Ermənistan "yaxşı qonşu", Azərbaycan isə "strateji tərəfdaş" kimi göstərilib.