Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşdülər

Vyanada Azərbaycan prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.

 

APA TV-nin məlumatına görə, görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib ki, Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər: “Tərəflər güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər. Biz isə, öz növbəmizdə, buna imkan yaradacağıq. Razılığa gəlinib ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin etsin və Qarabağ probleminin nizamlanmasının son parametrləri üzrə işlər davam etdirilsin.”.

 

Müəllif | Apa.Tv