Maştağa sakinindən 4 kq-dan çox narkotik tapıldı
Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.
APA TV-nin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Ağatahir Zəkiyev saxlanılıb. Onun üzərinə baxış zamanı 5 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Əlavə olaraq Ağatahir Zəkiyevin idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin saxlanc yerindən sellofan torbaya bükülmüş 4 kiloqram qurudulmuş marixuana, maşının salon hissəsindən 2 ədəd bıçaq, 1 ədəd taxta dəyənək və narkotik maddələrin çəkisini öyrənmək üçün istifadə olunan elektron tərəzi də aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.