Dövlət başçısı İlham Əliyev xalqa müraciət etdi
Dövlət başçısı İlham Əliyev prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciət edib. APA TV xəbər verir ki, prezident seçkilərdə ona yenidən etimad göstərdiyinə görə, Azərbaycan vətəndaşlarına təşəkkür edib: "Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm. Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcək".
Prezident bildirib ki, seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır: "Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Təsadüfi deyildir ki, Azərbaycan bu gün dünyada milli və dini dözümlülük məsələlərində çox önəmli ölkəyə çevrilmişdir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir".
Dövlət başçısı son on il ərzində iqtisadiyyatın həcminin 3,4 dəfə artdığını, yoxsulluğun səviyyəsinin isə təxminən on dəfə azaldığıı bildirib: “Müstəqilliyimizin nə qədər böyük dəyər olduğunu Azərbaycan xalqı gündəlik həyatda görür. Biz azadıq, biz müstəqilik. Bizim taleyimiz öz əlimizdədir. Bu seçkilərdə mənə verilən səslər, hesab edirəm ki, müstəqilliyə, azadlığa, xoşbəxt gələcəyə verilən səslərdir. Mən çox fəxr edirəm ki, son illər ərzində bütün təşəbbüslərim reallığa çevrilibdir. On il bundan əvvəl - 2003-cü ildə xalqa elan etmişdim və bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Son on il ərzində bu siyasətə sadiq qalaraq Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi üçün çox böyük işlər görülüb. Müstəqilliyimiz dönməzdir, sarsılmazdır".
Dövlət başçısı qeyd edib ki, seçkilərdə böyük səs çoxluğu ilə göstərilən etimad həm görülən işlərə verilən qiymətdir: “Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcək. Bir sözlə, əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Gələcək inkişafımızla bağlı məndə və əminəm ki, sizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inamlı inkişaf dövrünü yaşayacaqdır. Azərbaycan dövləti və mən prezident kimi Azərbaycanın milli maraqlarını müdafiə edəcəyəm, xalqın rifahını təmin edəcəyəm. Mən bir daha sizə son on il ərzində mənə göstərdiyiniz böyük dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, var gücümlə doğma xalqımızın rifahı, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacağam. Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq.
Yaşasın müstəqil Azərbaycan Respublikası!"