ABŞ İŞİD-lə mübarizə üçün Liviyanı silahlandıracaq
Birləşmiş Ştatlar və digər Qərb dövlətləri terrorçuluq, əsasən də İŞİD təhlükəsi ilə mübarizə üçün Liviyanı silahlandırmağa hazır olduqlarını bəyan ediblər.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri 20 ölkə nümayəndəsinin Liviya məsələsi üzrə Vyanada keçirilən görüşündən sonra açıqlama verib.
"Beynəlxalq ictimaiyyət BMT-nin Liviyaya tətbiq etdiyi silah embarqosunun aradan qaldırılmasını dəstəkləyəcək. Çünki, bu ölkənin İŞİD və digər terrorçu qruplaşmalara qarşı mübarizə aparması üçün silah və lazımi hərbi sursat əldə edə bilməsi çox vacibdir" - deyə o qeyd edib.
Vaşinqtonda İŞİD-i Liviya üçün qarşısı təcili qaydada alınmalı olan təhlükə hesab edirlər. Liviya hökuməti bir qədər öncə bəyan etmişdi ki, əgər İŞİD-in qarşısı alınmazsa, qruplaşma ölkənin əhəmiyyətli hissəsini ələ keçirəcək: "Biz beynəlxalq ictimaiyyəti ölkəyə yardım etməyə çağırırıq. Kömək etmək dedikdə, heç də ölkənin işğalı deyil, hərbçilərin silahlandırılması nəzərdə tutulur".
Qeyd edək ki, 2011-ci ilin oktyabrından ölkədə vətəndaş müharibəsi gedir. Ölkə lideri Müəmmar Qəddafinin öldürülməsindən sonra ayrı-ayrı qruplaşmalar Liviyada hakimiyyəti ələ keçirməyə çalışıb. Nəticədə mərkəzi hakimiyyət Liviya üzərində nəzarəti itirib.