Ağstafada sələmçi qadını döyüb, evini qarət etdilər
Ağstafada 69 yaşlı qadın evində döyülüb, evindən xeyli pul və qızıl zinət əşyaları aparıblar.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.
İki naməlum şəxs qəsəbə sakini, 1947-ci il təvəllüdlü Səmayə Baxşıyevanın evinə daxil olub, onun əl-ayağını bağlayaraq pul tələb ediblər. Zərərçəkənin sözlərinə görə, heç nə söyləmədiyi üçün onu döyərək müxtəlif bədən xəsarətləri yetiriblər: "Bir dənə burdan vurdu. Huşumu itirmədim. İkinci dəfə burdan vurdu. Gördü yenə huşum itmir. Üçüncü dəfə burdan vurdu. Burdan vuranda gördüm ki, huşum gedir. Tez özümü bicliyə vurdum. Dedim əgər huşumu itirməsəm, bunlar məni öldürəcək".
Qadının huşunu itdiyinə əmin olar quldurlar evi axtarmağa başlayıblar. Səmayə Baxşıyevanın dediyinə görə, naməlum şəxslər mənzildən 13 100 ABŞ dollar, 1800 manat nağd pul və 2 min manatlıq qızıl zinət əşyaları aparıblar: "Birtəhər ağzımı açdım, qışqırdım ay qonşular. Gördüm səs yoxdur. Birtəhər qolumu açıb, yüyürdüm aynanın qabağına".
Müxtəlif xəsarətlər alan 69 yaşlı qadın oğruların getdiyinə əmin olduqdan sonra qonşuları köməyə çağırıb. Qadına ilk yardım göstərilib və dərhal polisə məlumat verilib. Hazırda yalnız təqaüd aldığını deyən zərərçəkən sələmə pul verdiyini də etiraf edib. O, evinə basqının da məhz pula görə edildiyini bildirir.
Quldurlar istifadə etdikləri əşyalardan bir neçəsini - "skoç", maska və digər ləvazimatları hadisə yerində qoyublar.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.