Lənkəranda “KamAZ”la “Mercedes” toqquşdu: 2 yaralı
Lənkəranda iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayon sakini Nail Həsrət oğlu İbrahimovun idarə etdiyi “KamAZ” markalı, 42 BS 838 dövlət nömrə nişanlı yük maşını Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Vaqif Böyükağa oğlu Şahverdiyevin idarə etdiyi “Mercedes” markalı, 99 GU 320 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Güclü zərbədən “Mercedes” deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə hissəsinin əməkdaşları və təcili yardım maşını cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə minik avtomobilində sıxılıb qalmış sürücünü və onun yanındakı sərnişini, Lənkəran sakini, 1937-ci il təvəllüdlü Qılman Qəhrəman oğlu Əliyevi çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar. Hər iki yaralı həkim nəzarətinə götürülüb, üzərlərində müvafiq tibbi müayinələr aparılıb, hazırda vəziyyətləri stabil qiymətləndirilir.
Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.