Xəbərdarlıq: ucuz eynəklər korluğa səbəb ola bilər! - REPORTAJ
Havaların isinməsi ilə günəş eynəklərindən istifadə edənlərin sayı artır. Günəş eynəkləri xüsusən günəşli havalarda insanların sevimli aksesuarına, mobil telefon qədər vacib əşyasına çevrilir. Təəssüflə qeyd etmək lazımdır ki, əksəriyyət günəş eynəklərinə optik eynəkləri ciddi yanaşdığı qədər münasibət göstərmir. Halbuki yanlış günəş eynəyi korluğa qədər fəsad törədə bilər.
Mövzu ilə bağlı fikrini öyrəndiyimiz oftalmoloq Roza İzmailova APA TV-yə müsahibəsində bildirib ki, günəş eynəklərinin seçiminə ciddi yanaşmaq olduqca vacibdir: "Ucuz eynəklərin o qədər böyük fəsadları var ki, əslində o eynəyi taxmaqdansa, günün altında eynəksiz gəzmək daha faydalı olardı. Çünki onun hazırlandığı maddələrin tərkibində çoxlu miqdarda radioaktiv maddələr vardır. Ona görə də o ucuzdur, daha sadə bir dillə desək, tullantı materiallarından hazırlanmışdır. Günəşin şüası, günəşdən əks olunan ultrabənövşəyi şüalar o eynəyin tərkibində olan radioaktiv maddələrlə mübadiləyə girir və bu zaman gözün arxasında bizim retina dediyimiz torlu qişamız var və sarı ləkə dediyimiz bir orqanımız var. Orada yanıq əmələ gətirir və bunun korluqla nəticələnə biləcək bir fəsadı var."
Həkim qeyd edib ki, atmosferdə gedən çirklənmələrə görə günəş eynəkləri aksesuardan çox tibbi ləvazimata çevrilib: "Ona görə insanlar eynək seçərkən ilk növbədə ultrabənövşəyi şüaları keçirməyən və çox keyfiyyətli bir maddələrdən hazırlanmış eynəklərə daha çox üstünlük verməlidirlər. Əslində şüşə gözlüklərə, amma şüşə gözlüklər indi bir az daha ağır, daha çox sınan olduğu üçün daha çox keyfiyyətli plastik şüşələri olan, ultrabənövşəyi şüalar keçirməyən eynəklərə daha çox üstünlük verməlidirlər".
Biz də kiçik bir sorğu keçirərək paytaxt sakinlərinin eynək seçərkən nəyə fikir verdiklərini öyrəndik. Eynəklərdən aksesuar olaraq istifadə edən də var idi, göz sağlamlığını düşünərək çox bahalı eynəklərdən istifadə edənlər də.
- Bahalı olmağına diqqət edirəm, çünki ola bilsin ki, gözləri pozur, ziyanı olur.
- Aksesuar olaraq istifadə edirəm. Saatla eynilik təşkil etsin.
- Formasına, amma ilk növbədə şüşənin keyfiyyətinə baxıram. Məsəl üçün, bu eynəyim çox bahadır. Belə dükanlardan, küçələrdən almıram çalışıram normal yerlərdən alım.
- Şüşə materialdan olub-olmamağına fikir verirəm. Bildiyimiz kimi, ucuz ətin keyfiyyəti olmur. Bahalı eynəklərə üstünlük veririk. Hazırda taxdığım 25 manatdır. Deyilənlərə görə şüşədirsə, yaxşı olar.
Optik mütəxəssis Afiq Qafarov isə gələn müştərilərin ilk növbədə eynəyin formasına fikir verdiyini deyir. Ancaq onun dediyinə görə, eynəklərin keyfiyyəti ilə maraqlanan müştərilər də az deyil. Günəş eynəklərinin qiyməti isə 30 manatla 300 manat arasında dəyişir: "Biz çalışırıq ki, insanların cibinə uyğun seçək. Bizim müştərilərimiz ilk növbədə formasına fikir verirlər. Xarici vətəndaşlar günəş eynəkləri seçimində əsasən keyfiyyətinə üstünlük verirlər. Azərbaycanda formasına baxırlar, amma biz təklif edirik ki, onlar keyfiyyətə üstünlük versinlər".
Mütəxəssis Türkiyə, İtaliya və Polşadan gətirilən eynəklərin şüşələrini xüsusi cihazlar vasitəsilə yoxladıqlarını deyir: "Bizdə xüsusi cihazlar var. O cihazlar vasitəsilə eynəklərin şüşələrini yoxlayırıq və müştəriyə təklif edirik".
İngilislər deyir ki, mən varlı deyiləm ucuz paltar alım. Bu, hər zaman dəyişilməsi mümkün olan paltar haqqındadır. Göz isə insana bir dəfə verilir və dəyişdirilməsi mümkün deyil. Ona görə də gəlin gözlərimizin qədrini bilək!