Əli Həsənov: "Ermənistan oyunbazlığı davam etdirsə, müharibə qaçılmaz olacaq"

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam və Füzuli rayonlarına səfər edib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Əli Həsənov əvvəlcə Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində məcburi köçkünlər üçün yeni inşa olunan köçkün şəhərciyinə gedərək tikinti işləri ilə tanış olub.

 

Daha sonra Ağdama gələn baş nazirin müavini aprel ayının əvvəlində və sonunda erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində mərmi düşən evlərə baxıb. O, Baharlı məcburi köçkün düşərgəsində yaşayan ailələrlə görüşüb, məcburi köçkün uşaqları təhsil aldığı məktəblərdə təhsilin keyfiyyəti ilə maraqlanıb.

 

Əli Həsənov bildirib ki, erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində dağılan evlərin bərpasına start verilib: "Təxminən 450-dən çox məcburi köçkün ailəsinin mənzili zərər çəkib. Onların 50-si tamamilə dağılıb. Dağılan evlər əsasən Tərtər rayonu ərazisindədir. Son döyüşlərdə şəhid olan şəxslərin 17 nəfəri məcburi köçkündür".

 

Baş nazirin müavini qoşunların təmas xəttinin Füzuli istiqamətində Müdafiə Nazirliyinin hərbi hissələrində olduğunu da deyib: “Dünən mən Lələtəpədə oldum, ordumuzun ruh yüksəkliyin gördüm. Orda mən korpus rəhbərliyi ilə görüşdüm. Onlar hazırdır bu dəqiqə göstəriş alsınlar və sərhəd boyunca Zəngilana qədər sərhədboyu sona gedib çıxsınlar. Ordumuz orda 20 gün içərisində o qədər istehkamlar qurub ki, bunu təsəvvür etmək mümkün deyil. Mən 50 ildir inşaatla məşğulam, təəccübləndim. Bunu necə ediblər? O dağları nə cür yarıblar? O istehkamları nə cür tikiblər betondan? Lələtəpənin ən yüksək yerində əsgərlər üçün elə şərait yaradılıb ki, heç şəhərlərdə heylə şərait yoxdur. Hər təminatları var. Mülki əhalidə də ruh yüksəkliyi var. Bəlkə də heç vaxt belə olmamışdı”.

 

Əli Həsənov Ermənistan dövlətinin oyunbazlığını davam etdirəcəyi təqdirdə, müharibənin qaçılmaz olacağını vurğulayıb: “Cənab prezident çox gözləməyəcək. Əgər görsə ki, Ermənistanın qondarma rəhbərliyi, faşist rejimi bu oyunları, oyunbazlığı davam etdirəcək, hesab edirik ki, çox yaxın vaxtlarda göstəriş olacaq və bizim ordumuz millətimiz, xalqımızla bir yerdə torpaqlarımızı azad edəcək”.

 

Müəllif | Apa.Tv
Apa.tv