Gəncədə əmək yarmarkası keçirildi
Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində əmək yarmarkası keçirilib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, yarmarka bu il bu ali təhsil ocağını bitirəcək 1200 nəfərədək məzunun, eləcə də ötən illərin iş tapa bilməyən məzunlarının əmək təminatına kömək məqsədi daşıyıb.
Tədbirin açılışında da bu fikirlər vurğulanıb və ölkədə kənd təsərrüfatının bir sıra sahələrinin dövlətin xüsusi diqqəti sayəsində canlandırılması fonunda aqrar mütəxəssislərə tələbatın artdığı qeyd edilib.
Məzunlar, eləcə də yuxarı kurs tələbələri yarmarkanın müvafiq sektorunda onlar üçün vakansiyalar təklif edən müəssisə və təşkilatlara öz müraciət-anketlərini təqdim ediblər. Yarmarkada iştirak edən 130-a yaxın əsasən aqrar istehsalat və maliyyə-iqtisad yönlü müəssisələr tələbə-məzunlara 700-ə yaxın vakant iş yerləri təklif ediblər.
Məzunlar da yarmarkada fəallıq nümayiş etdiriblər.
Elvin Məmmədov, məzun: "İxtisasım aqronomdur. Şirkətlər özləri gəlib iş təklif edir. CV vermişik".
Nurcamal İmamverdiyeva, məzun: "Ekologiya üzrə sənəd vermişəm. Ekologiya maraqlı və lazımlı sahədir, yəqin iş tapılar".
Belə yarmarkalarla yanaşı, aqrar mütəxəssislərin iş tapması məsələsi xüsusi diqqət tələb etdiyindən, universitetdə ümumən son dövrlər ərzində məzunların və tələbələrin məlumat bankı da yaradılıb.
Hümbət Camalov, təcrübə və işədüzəltmə şöbəsinin rəhbəri: "Məlumat bankı toplamışıq. Artıq son iki-üç ildə bitirmiş məzunların işləyib-işləməməsi haqda məlumatlar var. İmkan daxilində onların iş tapmasına kömək olunur".
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sözlərinə görə, son zamanlar dövlətin kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına yeni stimul verməsi ondan xəbər verir ki, ildən-ilə gənc aqrar mütəxəssislərə tələbat da artacaq: "Pambıqçılıq, üzümçülük, baramaçılıq kimi sahələrin inkişafı üçün tədbirlər görülür. Bu baxımdan hesab edirik ki, məhz indiki məzunların böyük öhdəliklər düşür".
Belə yarmarkaların təşkili müasir əmək bazarının tələbləri baxımından gənclərin təhsil prosesini başa vurduqdan sonra peşə karyeralarını qurmaq üçün də əhəmiyyətli stimuldur.