"Səyyar ASAN Xidmət" Xaçmazda

"Səyyar ASAN Xidmət" Xaçmaz rayonunda fəaliyyətə başlayıb. APA TV-nin şimal bürosunun xəbərinə görə, xidmətin avtobusu Xaçmaz Rayon İcra Hakimiyyətinin yanında Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşlara xidmət göstərir.

 

Qrup rəhbəri Araz Hüseynovun sözlərinə görə, bu rayonların sakinləri "Səyyar ASAN Xidmət"in bütün növ xidmətlərindən faydalana biləcəklər: "Regional xidmət göstəririk. Xidmət sahəmiz Quba, Qusar, Xaçmaz və Şabran rayon rayonlarıdır. Bizim burda göstərdiyimiz xidmətlərdən şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi və verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətləri ümumrespublika səviyyəsində göstəriləcək. Digər xidmətlərimizin hamısı regional göstərilir".

 

Sakinlər göstərilən xidmətlərin səviyyəsini yüksək qiymətləndirib.

 

Natiq Hacıbəyov, Xaçmaz rayon sakini: "Alqı-satqı ilə bağlı müraciət elədim. Yaxşı oldu "ASAN Xidmət" gəldi. Sənədlərim də, demək olar, hazırdır".

 

Seyfəddin Hüseynov, Xaçmaz rayon sakini: "Övladımın ilkin şəxsiyyət vəsiqəsinə görə müraciət etmişdim. Çox razıyam. Çox rahat və asandır".

 

"ASAN Xidmət"in səyyar avtobusu iyun ayının 14-dək Xaçmaz rayonunda olacaq.

 

Müəllif | Apa.Tv
Vəli Turan