Hərbi xidmətdən möhlət hüququ “Elm haqqında” qanun layihəsindən çıxarıldı
Milli Məclisin bugünkü plenar iclasında “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
APA TV-nin məlumatına görə, qanun layihəsi barədə məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihənin yeni variantı 7 fəsil, 41 maddədən ibarətdir.
Onun sözlərinə görə, elmi fəaliyyətin bəzi növlərinə məhdudiyyətlər qoyulması, magistratura təhsilinin iki istiqamət üzrə aparılması, eləcə də Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktorantura pillələrində əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi və digər məsələlər layihədən çıxarılıb.
Bundan başqa, dövlət elmi ekspertiza şurası kimi paralel qurumun yaradılmasına ciddi ehtiyac olmadığı üçün bu məsələ də layihəyə salınmayıb. Həmçinin bir neçə maddə eyni əhəmiyyət kəsb etdiyindən, birləşdirilərək bir maddədə cəmləşdirilib: "İlk dəfədir layihədə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr daxil edilib. Daha bir yenilik elmi rütbə ilə bağlıdır. Bu rütbələr Akademiyanın həqiqi və müxbir üzvləri üçün veriləcək".
Qanun layihəsi əsas kimi qəbul edilib və müzakirələr başlayıb. Millət vəkili Fazil Mustafa qeyd edib ki, son hadisələr Qarabağı peşəkar ordu ilə azad edə biləcəyimizi göstərdi: "Ona görə də gəncləri təhsildən ayıraraq hərbi xidmətə cəlb etməyi yanlış sayıram”. O, təhsildə fasiləsizliyin təmin edilməsi ilə bağlı müddəanın qanun layihəsinə əlavə olunmasını təklif edib.
Qüdrət Həsənquliyev elmlə məşğul olan insanların əmək haqlarının ölkə səviyyəsindən aşağı olduğuna diqqət çəkib: “Gənc alimlərin mənzillə təminatı da imperativ norma kimi qanunvericilik aktlarına əlavə edilməlidir”.
Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, magistraturadan elmə gələn gənclərin sayının azalması ciddi problemdir. Q.Paşayeva bunun səbəblərindən birinin təhsil krediti ilə bağlı olduğunu söyləyib: “Ali təhsil pilləsində hər 3 gəncdən 2-si ödənişli təhsil alır. Ona görə də yoxsul, kəndlərdən, rayonlardan gələn istedadlı gənclərin təhsillərini davam etməsi üçün təhsil kreditlərinin verilməsi qanunvericilikdə əksini tapmalıdır. Digər tərəfdən, Müdafiə Nazirliyi ilə Təhsil Nazirliyi magistrlərə möhlət verilib-verilməməsini yenidən müzakirə etsə, yaxşı olar”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının kənardan hansı həcmdə vəsait cəlb etməsinin də diqqət mərkəzində olduğunu söyləyib: “Magistrlərə möhlət hüququnun verilməsi, hərbi xidmətdən azad edilmə “Elm haqqında” qanunun deyil, hərbi səfərbərliklə bağlı qanunvericiliyin predmetidir. Digər tərəfdən, 40 yaşdan aşağı şəxslər ödəniş əsasında hərbi xidmətə qəbul edilə bilərlər. Ona görə də magistrlərlə bağlı belə təkliflər aktuallığını itirir”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə bildirib ki, hazırda elmi işçilərin maddi və sosial durumu onların məhsuldar işləməsinə imkan vermir.