Şəhid kapitanın medalı Naftalanda oğluna təqdim olundu
Talış kəndi ərazisindəki adsız yüksəkliklərin alınması uğrunda gedən döyüşlər zamanı şəhid olmuş Naftalan şəhər sakini, kapitan Vaqif Dilqəm oğlu Bayramovun təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə” görə 3-cü dərəcəli medalı ailəsinə təqdim olunub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, medal şəhidin azyaşlı oğlu Ümid Bayramlının yaxasına taxılıb.
Təqdimetmə mərasimində Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Müdafiə Nazirliyinin əməkdaşı, ordu generalı Rasim Əliyev, nazirliyin yüksək rütbəli zabitləri, şəhidin döyüş yoldaşları və şəhid ailəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıblar.
Qeyd edək ki, şəhid Vaqif Bayramovun bir qardaşı da birinci Qarabağ müharibəsində şəhid olub.