Rusiyanın Rio Olimpiadasında iştirakına qadağa qoyula bilər
Rusiyanın bu il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyula bilər.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, buna səbəb rusiyalı idmançıların dopinqdən istifadəsinin dövlət tərəfindən təşkil olunması iddiasının yayılmasıdır.
Bu iddialar sübut olunsa, Rusiya Rioda keçirilən yarışlara qatıla bilməyəcək. Dopinq iddiaları ABŞ Ədliyyə Nazirliyi, Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Dünya Antidopinq Agentliyi (WADA) tərəfindən araşdırılır. Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax Rusiyaya qarşı belə bir qərar qəbul edilməsinin mümkün olduğunu bildirib.
"New York Times" qəzetinin xəbərinə görə, ABŞ Ədliyyə Nazirliyi artıq "hiyləgərlik" və "tələ" şübhəsi ilə istintaqa başlayıb. Rusiyanın klub rəhbərləri, idmançılar, məşqçilər və antidopinq üzrə cavabdeh şəxslər haqqında araşdırmalara başlandığı qeyd olunur.
Rusiyalı idmançıların 2016 Olimpiya Oyunlarına qatılması Dünya Antidopinq Agentliyinin araşdırmalarından çıxacaq nəticədən asılı olacaq.