"Seçkilər açıq və şəffaf olub" - RƏY
MDB müşahidə missiyası hesab edir ki, oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ölkə Konstitusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq şəkildə qəbul edilmiş demokratik normalara uyğun keçirilib.
APA TV-nin xəbərinə görə, missiyanın rəhbəri Sergey Lebedev seçkilərin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, seçkilər açıq, şəffaf olub və Azərbaycan xalqı sərbəst şəkildə səsvermə hüququndan istifadə edib.
Onun sözlərinэ görə, seçki prosesinin məktəblərdə, mədəniyyət mərkəzlərində, saraylarda, institutlarda təşkil olunması xüsusilə diqqət çəkib: “Mən özüm günortadan sonra daşınan qutunun aparılması prosesində iştirak etdim. 1000-dən çox məntəqədə veb-kameralar qurulmuşdu. Bəzi məntəqələrdə tibb məntəqələri, uşaqlar üçün xüsusi yerlər var idi. İnsanların ümumi əhval-ruhiyyəsi yüksək idi”.
Müşahidə missiyasının rəhbəri düşünülmüş şəkildə seçkilərin saxtalaşdırılması üçün edilən ciddi qanun pozuntusu ilə rastlaşmadıqlarını deyib: “Pozuntular xüsusi hallarda olub və bu heç cür seçkilərin nəticələrinə təsir etmir. Seçkiləri yaxşı təşkil olunmuş, nəticələri legitim hesab edirik”.
O, yekun qiymətləndirmənin MSK tərəfindən seçkilərin rəsmi nəticəsi elan olunduqdan sonra açıqlanacağını deyib.