Nazir müavini: "Bəzi iri supermarket şəbəkələri ərköyünlük edir"

"Azərbaycanda iri supermarket şəbəkələri ərköyünlük edir". APA TV-nin məlumatına görə, bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov iri supermarket şəbəkələrinin vergi güzəştləri təklifinə münasibət bildirərkən deyib.

 

"2016-cı ildə apardığımız təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb. Aparılan xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər faizlə yox, dəfələrlə dövriyyəni gizlədir. Artıq dövriyyənin 3-4 dəfə gizlədilməsi bizə adi hal kimi gəlir. Tanınmış iri supermarket şəbəkələrindən 15, hətta 40 dəfə aşağı göstərənlər var. ƏDV istehlak vergisidir. Bunun iri supermarket şəbəkələrinə aidiyyəti var. Güzəşt istəklə verilmir. Dövlətin iqtisadi qurumları bununla bağlı geniş araşdırmalar aparır ki, bundan vətəndaş nə qazanacaq, büdcə nə itirəcək və bunu hansı yolla kompensasiya etmək olar" - deyə o qeyd edib.

 

Xatırladaq ki, iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər.

 

Nazir müavini şou-biznes nümayəndələrinin gəlirlərinin gizlədilməsi məsələsinə də diqqət çəkib. Sahib Ələkbərov qeyd edib ki, bu ilin yanvar-aprel aylarında Bakıda şadlıq evi və restoranlarda 6324 toy olub: "Bir qrup şou-biznes nümayəndəsi qonorarlarını düzgün qeyd etmir. Onlar 20 manat qonorar aldığını qeyd edirlər. Bir qrup isə ümumiyyətlə, iddia edir ki, toya getməyib. Bəs onlar necə dolanır? Hava ilə?"

 

Nazir müavini əlavə edib ki, hazırda bu istiqamətdə maarifləndirici tədbirlər görülür. Bu tədbirlər nəticə verməsə, sözügedən sahəyə nəzarət gücləndiriləcək.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı