“Formula 1” ərəfəsində Bakıda dələduzluq planlaşdıran kamerunlular tutuldu

Daxili işlər orqanları tərəfindən insanların dələduzluq yolu ilə aldadılmasının qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan Respublikasında yaşayan Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, tanımadığı şəxslərin onun etimadını qazanaraq 50 000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 100 000 ABŞ dolları edəcəkləri adı altında aldadaraq dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.

 

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları - Alphonse Touani, Patrick Arnaud, Ziepop Maxime Valery və Armel Gaetandan ibarət dəstə zərərsizləşdirilib.

 

Saxlanılan şəxslər ifadələri zamanı ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı “Formula 1” idman yarışları ərəfəsində Bakı şəhərinə çoxlu turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər. Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb.

 

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv