Bakıda muzeylərə 3 günlük pulsuz giriş aksiyası başladı
Xalça Muzeyində görkəmli ingilis yazıçısı Uilyam Şekspirin anadan olmasının 450 illik yubileyi münasibətilə elan olunan “Şekspir Xalçası” müsabiqəsi çərçivəsində mətbuat konfransı keçirilib.
APA TV-nin xəbərinə görə, muzeyin direktoru Şirin Məlikova müsabiqənin mahiyyətindən danışaraq, onun Qərb etikası ilə Şərq estetikasını birləşdirəcək unikal layihə olacağına ümid etdiyini bildirib.
Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Şekspirin 450 illik yubileyi çərçivəsində keçirilən müsabiqə nəticələrinin Azərbaycan xalçaçılığı üçün tarixi əhəmiyyətə malik olacağını söyləyib.
Bu sənət yarışmasının şərtlərinə gəlincə, qeyd olunub ki, üç mərhələdən ibarət müsabiqənin yekununda qalibləri müxtəlif dəyərli hədiyyələr, 1-ci yerin sahibini isə Londondakı "Viktoriya və Albert" muzeyinə səyahət gözləyir.
Daha sonra Xalça Muzeyinin "Zərgərlik inciləri" ekspozisiya bölməsinin açılışı olub.
Zərgərlik Fondunda müxtəlif dövrlərə aid qızıl-zinət əşyaları saxlanılır. Onlardan ən qədimi isə eramızdan əvvəl IV-II minilliklərə aid olanlarıdır. Ziyarətçilərə ekspozisiya zalındakı zərgərlik nümunələri barəsində geniş məlumat verilib. Qeyd olunub ki, burada qorunan nümunələr Azərbaycan tarixinin müxtəlif mərhələlərini və ölkəmizin ayrı-ayrı regionlarını əhatə edir. Eyni zamanda bölmədə sənətin həkketmə, qarasavad, minasazlıq və s. növlərində hazırlanmış müxtəlif qızıl-zinət əşyaları qorunmaqdadır. Nümayiş olunan ekspozisiya nümunələri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd olunub ki, 18 may - Beynəlxalq Muzeylər günü münasibətilə arzu edənlər üç gün müddətində şəhərimizin bütün muzeylərinə pulsuz giriş imkanı əldə edəcəklər.