Bolqarıstanlı müşahidəçi: "Mənə Azərbaycanda demokratiya dərsi verdilər"

Azərbaycanda prezident seçkilərinin gedişini müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri dəyərləndirmələrini açıqlayıblar. APA TV-nin xəbərinə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun nümayəndə heyətinin üzvləri İsmayıl Şafi, Sergey Markov, Evangelos Venetis və Enyo Savov seçki ilə bağlı bəyanat hazırlayıblar. Bəyanatda seçkilərin mütəşəkkil qaydada, qanun pozuntuları olmadan keçirildiyi, seçicilərin sərbəst və azad şəkildə istədikləri namizədə səs verməsinə maneçilik törədəcək hallara yol verilmədiyi bildirilir. Nümayəndə heyəti müşahidələri əsasında prezident seçkilərinin beynəlxalq standartlara uyğun olaraq azad, ədalətli və şəffaf şəkildə keçirildiyini bəyan edib.

 

Latın Amerikası və Karib dənizi ölkələri siyasi partiyaları təşkilatının seçki müşahidə missiyası da Azərbaycanda keçirilmiş prezident seçkilərinin gedişindən razı qalıb. Missiyasının rəhbəri Qustavo Karvajal bildirib ki, seçkilər Avropa standartlarına uyğun, şəffaf və sərbəst şəkildə keçib. Altı ölkənin təmsilçilərindən ibarət müşahidə missiyası səsvermə prosesini 2 qrup halında izləyib. Qustavo Karvajal seçki prosesində mütəşəkkillik olduğunu deyib. O, seçki masalarında işləyənlər arasında qadınların çoxluq təşkil etməsini müsbət addım kimi dəyərləndirib.

 

Asiya və Sakit Okean Hövzəsi Ölkələrinin Beynəlxalq Demokratlar Mərkəzinin seçki müşahidə missiyası da Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib. Missiyanın rəhbəri Jusuf Kalla bildirib ki, seçkilər yaxşı təşkil olunub, tam sərbəst, şəffaf şəkildə keçirilib: "Biz indi Azərbaycan xalqını seçkilərin yaxşı idarə olunması və prezident seçimi münasibəti ilə təbrik edə bilərik”.

 

CAPDİ missiyasında təmsil olunan Kanadanın keçmiş baş nazirinin müavini xanım Şeyla Kopps qeyd edib ki, onlar düzgün təşkil olunmuş, dinc şəraitdə keçən seçkiləri müşahidə ediblər. Bəzi texniki problemlərin olduğunu vurğulayan Şeyla Koppsun sözlərinə görə, məntəqələrdə bütün partiyaların nümayəndələri ilə keçirilən görüşdə onlardan hər hansı narazılıq eşitməyiblər. CAPDİ müşahidə missiyası seçkiləri yüksək qiymətləndirdiyini bəyan edib.

 

Səsvermə prosesini müşahidə edən Bolqarıstan parlamentinin nümayəndə heyətinin rəhbəri Həmid Həmid seçkilərdə Azərbaycan xalqının qalib gəldiyini bildirib. Bir çox ölkədə seçkiləri müşahidə etdiyini deyən Həmid Həmidin sözlərinə görə, Azərbaycanda olduğu kimi sakit və mükəmməl seçki görməyib: “Mən bütün 10 namizədi və Azərbaycan xalqını təbrik edirəm. Ötən gün mənə Azərbaycanda demokratiya dərsi verdilər”.

 

Seçkiləri müşahidə etmiş Asiya Siyasi Partiyaları Təşkilatının seçki müşahidə missiyası Azərbaycanda seçkilərin dinc yolla, heç bir zorakılıq olmadan keçdiyini, neqativ hallar barədə məlumat əldə etmədiklərini bildirib. Təşkilatın həmsədri Çugn Ye-Yunq bildirib ki, məntəqələrdə veb-kameraların qurulması şəffaflığın təmin edilməsində mühüm rol oynayır: “Düşünürük ki, Azərbaycan xalqının ötən gün verdiyi qərar Azərbaycanın gözəl gələcəyini müəyyənləşdirəcək”.

Müəllif | Apa.Tv