ABŞ-da növbəti praymeriz: Klinton Kentukki, Sanders Oreqon ştatında qalib oldu
ABŞ-da keçirilən növbəti praymerizlərin nəticələri açıqlanıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, demokratların namizədi Hillari Klinton səs çoxluğu ilə Kentukki, onun rəqibi Berni Sanders isə Oreqon ştatındakı praymerizlərin qalibi olub.
Kentukki ştatının nəticələrinə əsasən, H.Klinton rəqibini cüzi səs fərqi ilə geridə qoyub.
Praymerizlər sonrasında nəticələr barədə danışan Berni Sanders deyib ki, bu kampaniya başlananda onun qərargahının təşkilatlanması zəif olduğu üçün Hillari Klinton onlardan dəfələrlə çox səs toplaya bilirdi. Bu faktı bir neçə amillə əsaslandıran Berni Sanders bunda mətbuatın rolunun olduğunu da qeyd edib.
Bu arada Hillari Klintonun indiyə qədərki praymerizlərdə qələbə qazanması ekspertlər tərəfindən müxtəlif aspektlərlə şərh edilir. Bəzi mətbuat səhifələrində isə bu amili seçicilər arasındakı parçalanma ilə izah edirlər. Bununla belə, analitiklər əldə etdiyi uğurlara rəğmən, noyabrda keçiriləcək seçkilərdə Hillari Klintonun Donald Trampla həlledici mübarizəyə hazır olmadığını açıqlayıb.
Qeyd edək ki, praymerizlərin sonuncu raundu iyunun 7-də Kaliforniyada keçiriləcək.