Binəqədidəki dəhşətli yanğından bir il ötür
Bu gün Bakının Binəqədi rayonunda baş vermiş dəhşətli yanğından 1 il ötür. APA TV-nin məlumatına görə, Azadlıq prospektindəki yanğında 4-ü uşaq olmaqla 14 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb.
Yanğının baş verməsinə səbəb yaşayış binasının üzləndiyi üzlüklər olub. Araşdırmalar zamanı həmin üzlüklərin yanğına davamlı olmadığı, əksinə, tez alışan material olduğu müəyyən edilib. Hadisə yerinə FHN-in 5 yanğınsöndürəni, helikopterlər cəlb edilib. Hadisədən dərhal sonra baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Prezidentin sərəncamı əsasında baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.
Yanğından sonra həmin üzlüklərin istehsalçısı olan "Global Construction" şirkətinin rəhbəri iş üzrə şübhəli şəxs qismində saxlanılıb, prezidentin göstərişi ilə paytaxtdakı bütün üzlənmiş binaların üzlükləri sökülərək dəyişdirilib.
16 mərtəbəli yanan binanın təmir işləri isə ötən ilin sentyabr ayında bitib, bina sakinlərə təhvil verilib.
Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs ediliblər.
Təqsirləndirilən şəxslərin cinayət işi bir neçə gün əvvəl baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.