ATƏT qoşunların təmas xəttində monitorinq keçirir

ATƏT-in monitorinq qrupu qoşunların təmas xəttinin Ağdam istiqamətində monitorinqə başlayıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ATƏT nümayəndələri əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşüblər.

 

Raqub Məmmədov erməni hərbi birləşmələrinin son vaxtlar cəbhə xəttində yaratdığı gərginlik barədə məlumat verib. Bildirilib ki, ermənilərin yaşayış məntəqələrini ağır artilleriya qurğularından  atəşə tutması nəticəsində 3 mülki şəxs həyatını itirib, 15 nəfər yaralanıb. 1 məktəb binası, 1 uşaq bağçası, 1 fermer təsərrüfatı və 50 ev tamamilə dağıdılıb, 350 evə qismən ziyan dəyib. Yüzlərlə top mərmisi əkin sahələrinə düşüb. Qaz, işıq, su və rabitə xətləri sıradan çıxıb.

 

Görüşdən sonra ATƏT nümayəndələri monitorinq aparmaq üçün cəbhə xəttinə yollanıb. Hazırda müşahidələr aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv