İsmayıllıda iki uşaq atası çayda boğuldu
İsmayıllı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə dünən axşam rayonun Mulux kəndi ərazisində qeydə alınıb.
İsmayıllı şəhər sakini, 1974-cü il təvəllüdlü Kamal Rəhman oğlu Kərimov Mulux kəndindəki atası evinə piyada gedərkən ayağı sürüşərək çaya düşüb. Köməksiz vəziyyətdə qalan K.Kərimov suyun və palçığın içində bataraq ölüb.
Məlumata görə, son günlər yağan güclü yağışlardan sonra dağda böyük torpaq uçqunu baş verib. Girdiman çayına tökülən torpaq suyun istiqamətini dəyişib, Mulux kəndinə gedən yol daralıb, ərazidə göl və bataqlıq əmələ gəlib. İki uşaq atası olan Kamal Kərimovun meyiti bu gün səhər çay kənarındakı bataqlıqdan tapılaraq ailəsinə təhvil verilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirir. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.