Cəlilabadda “Jiquli” aşdı, iki nəfər xəsarət aldı
Cəlilabadda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə mayın 18-də axşam saatlarında Ələt-Astara magistral yolunun 145-ci kilometrliyində qeydə alınıb.
Masallı rayon sakini, 21 yaşlı Nadir Rafiq oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı, 44 BU 419 dövlət nömrə nişanlı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən sürət həddini aşdığından idarəetməni itirib və yolun kənarındakı ağaclığa girərək aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun sərnişini, Cəlilabad rayon sakini, 24 yaşlı Lalə Mirverdiyeva Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı həmçinin minik avtomobilinə də ciddi ziyan dəyib.
İlkin versiya kimi hadisənin avtonəqliyyat vasitəsinin sürət həddini aşması səbəbindən baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.