Çində növbəti devalvasiya: valyuta bazarları silkələnir

Çin milli valyutası növbəti dəfə devalvasiyaya uğrayıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, ölkənin Milli Bankı bu addımı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin iyun ayında dolların uçot dərəcəsini artıracağı ehtimalı ortaya çıxdıqdan sonra atıb.


Bu, yuanın dollar qarşısında ötən ilin avqustundan sonra ümumilikdə beşinci, həcminə görə isə ikinci böyük çöküşüdür. Hazırda Çin valyutası dollar qarşısında fevral ayından sonra ən aşağı dəyərdədir.

Pekin ABŞ-ın maliyyə-kredit siyasəti qarşısında duruş gətirmək üçün bütün vasitələrə əl atır. Çin hər dəfə FES-i devalvasiyaya getməklə qorxudur. Bu ilin əvvəlində məzənnənin 1,5 faiz ucuzlaşmasından sonra Çində indekslər 5-6 faiz aşağı enib, bu isə dünya bazarlarında, o cümlədən ABŞ-da ciddi xaosa səbəb olub.

Federal Ehtiyat Sistemini əsasən fond bazarlarındakı vəziyyət narahat edir, çünki Çin bazarlarda qiymətlərin yenidən düşməsi ilə bağlı təşviş yaradarsa, FES-in bu addımının çox az əhəmiyyəti olacaq.

Bununla yanaşı Çin Mərkəzi Bankı devalvasiyaya gedilməsini düzgün hesab etmir. Bir neçə ay əvvəl bankın rəhbərliyi də bəyan edib ki, onlar məzənnəni ixracı dəstəkləmək məqsədilə aşağı salmayacaqlar. Həmçinin bildirilib ki, yuanın daha da zəiflədilməsinin heç bir səbəbi yoxdur.

Çin Milli Bankı hazırda dolların kursunu 6,5531 həddində müəyyənləşdirib ki, bu da sonuncu göstəricidən 0,48 faiz aşağıdır. Bu, hələlik bazara öz təsirini göstərməyib, lakin ötən gecədən dolların indeksi kifayət qədər möhkəmlənib.

Müəllif | Apa.Tv
Apa.tv