Zaqatalada yük və minik maşınları toqquşdu: 2 yaralı
Zaqatalada yük və minik maşınlarının toqquşması nəticəsində biri ağır olmaqla iki nəfər xəsarət alıb.
APA TV-nin məlumatına görə, hadisə mayın 18-də axşam saat 21:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 125-ci kilometrliyində, Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində baş verib.
Zaqatala şəhər sakini, 1994-cü il təvəllüdlü Əlixan Harun oğlu Əlixanlının idarə etdiyi “Lada-Priora” markalı 90 VC 807 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala rayon sakini Bəkir Camaləddin oğlu Mehdiyevin idarə etdiyi “QAZel” markalı 62 BK 353 dövlət nömrə nişanlı yük maşını toqquşub.
Toqquşmadan sonra "Lada-Priora" markalı maşın idarəetməni itirməsi səbəbindən yolun kənarındakı beton maneəyə çırpılıb. Nəticədə "Lada"nın sürücüsü Əlixan Əlixanlı və sərnişini, 1992-ci il təvəllüdlü Zaqatala şəhər sakini Orxan Mehdi oğlu Paşayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Zaqatala RMX-dan APA TV-yə verilən məlumata görə, yaralılardan Orxan Paşayev aldığı ağır qapalı kəllə-beyin travması ilə koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Əlixan Əlixanlı isə qapalı kəllə-beyin travması və sağ bud sümüyünün sınığı diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.