Əfqanıstanda təyyarə qəzasında ölənlərin adları açıqlandı - RƏSMİ
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ötən gün Əfqanıstanın Dvayer hava limanında qəzaya uğrayan An-12 təyyarəsinin ekipaj üzvlərinin adlarını açıqlayıb.
Administrasiyadan "APA-Economics"ə verilən məlumata görə, təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.
Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. Onlar hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü Özbəkistan vətəndaşı Şaydanov Rəşid Rəhmanoviç, ikinci pilot, 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abdullayev Altay Oqtay oğlu, şturman, 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əsədullayev Nazim Orucəli oğlu, bortmühəndis, 1964-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Rzayev Nadir Adıgözəl oğlu, radio-operator, 1964-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Şahverdiyev Firdovsi Şir oğlu, bort operatoru, 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Zülfiyev Azər Ağakişi oğlu, texnik, 1969-cu il təvəllüdlü Ukrayna vətəndaşı Zadnipryanets Ruslan Vladimiroviç, texnik, 1955-ci il təvəllüdlü Ukrayna vətəndaşı Qanja Andrey Nikolaeviç, texnik, 1963-cü il təvəllüdlü Ukrayna vətəndaşı Əliyev Rəmzi Mamudoviçdir.
Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb. Hazırda komissiyanın sədri - Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşüblər.
“Silk Way” aviaşirkəti təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.