Piyada dünya səyahətinə çıxan alman Azərbaycandadır
Piyada dünya səyahətinə çıxan Almaniya vətəndaşı Nikol Aysmanın yolu Azərbaycanın cənub bölgəsindən keçib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, alman səyyah 8 ölkənin hüdudlarını aşaraq ölkəmizə gəlib çıxıb.
İxtisasca sığorta meneceri olan Aysman çoxdankı arzusunu reallaşdırmaqdan ötrü hətta iş yeri ilə də vidalaşmalı olub. İndiyə kimi 5 min kilometrlik məsafəni qət edən əcnəbi səyyah yolda piyada hərəkət etməyin çox çətin olduğunu bildirib: "Daha çox çətin və təhlükəli olan nəqliyyat vasitələridir. Yol çox səs-küylü olur. Hər dəfə maşınların siqnal verməsi adamı bezdirir. Arabir ayaqlarımda ağrılar hiss edirəm. Amma indi hər şey qaydasındadır".
Pulunu qənaətlə işlətməyə üstünlük verən Nikol Aysman gecələr qurduğu çadırda yatıb dincəlir. O, demək olar ki, hər gün qidalanmağa 6-7 dollar məbləğində vəsait xərclədiyini bildirib.
Alman səyyah ölkəmizdə qısa müddət olmasına baxmayaraq, yerli insanların qonaqpərvərliyindən razılığını ifadə edib: "Sizin ölkənizdə insanlar çox mehribandırlar. Məni bəzən çaya da dəvət edirlər. Polis də çox mehribandır. Bəli, bura mənim xoşuma gəldi".
Qeyd edək ki, almaniyalı səyyah Şərq ölkələrinin ərazisini gəzib dolaşaraq, səyahətini elə vətənində başa vurmağı planlaşdırıb.