Nazir müavini: "Bakıdakı təhsil müəssisələrində ingilis dili mərkəzləri açılacaq"

Bu gün “British Council Azərbaycan” və Təhsil Nazirliyinin dəstəyi ilə 23 saylı tam orta məktəbdə İngilis dili mərkəzinin açılış mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “British Council” təşkilatının regional direktoru Əndui Uilyams, ingilis dili üzrə regional direktor Cil Koates və başqaları iştirak edib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, mərkəzdə yalnız bu məktəbin ingilis dili müəllimləri üçün deyil, digər ətraf məktəblərin müəllimləri üçün də şərait yaradılacaq. Onun sözlərinə görə, yeni yanaşmalar tətbiq etməklə, yeni əlavə tədris resursları təqdim etməklə təlimlər diskussiyalar, mübadilə formatında həyata keçiriləcək. Bu mərkəzlər müxtəlif yaş qrupunda olan uşaqlar üçün də açıq olacaq və mərkəzdə müxtəlif, interaktiv formatda ingilis dili tədris olunacaq: "Bu ilin sentyabrında Bakıdakı təhsil müəssisələrində ingilis dili mərkəzlərinin açılması planlaşdırılır. Onlardan biri Fizika-riyaziyyat-informatika təmayüllü liseydə, digəri isə Təhsil işçilərinin Peşəkar İnkişaf İnstitutunda olacaq. Bakıda, digər şəhər və rayonlarda da belə tədris mərkəzləri açılacaq. Təqvim ilinin sonunadək bir neçə regionda belə mərkəzlərin açılması nəzərdə tutulur".

 

Ceyhun Bayramov əlavə edib ki, “British Council Azərbaycan” və Təhsil Nazirliyinin birgə əməkdaşlıq istiqamətlərindən biri də ingilis dilini tədris edən müəllimlərin ixtisasartırma təlimlərinə cəlb edilməsidir. Mərkəzdə həmçinin məktəblilər onlayn və üzbəüz formada danışıq klubu şəklində ingilis dilini öyrənənlərlə ünsiyyət qura biləcək. Mərkəz zəngin kitab resursları, jurnal, DVD və “British Council”ın ingilis dilinin öyrənilməsi üçün elektron resurs və proqramları yüklənmiş kompüter və planşetlərlə təmin olunub.

 

Tədbirin davamında çıxış edən qonaqlar da İngilis dili mərkəzinin yaradılmasının Azərbaycanda ingilis dili tədrisinin inkişafına müsbət təsir edəcəyini qeyd ediblər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova