Xocahəsən yolu təmir olunur, aeroport yolu istiqamətində yaşıllaşdırma aksiyası keçirilir
“Azəravtoyol” ASC yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.
APA TV-nin məlumatına görə, Xocahəsən avtomobil yolunda cari təmir işləri aparılır. Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, Xocahəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Təmir-bərpa işlərinin bir neçə gün ərzində davam etdirilməsi planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə olunur.
Bundan əlavə "Azəravtoyol" ASC ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi istiqamətində ağacəkmə və yaşıllaşdırma aksiyaları uğurla davam etdirilir.
Bu dəfə Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında 2000 ədəd Eldar şamı əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb. Əkilən ağaclar “Azəravtoyol” ASC-nin tinglik sahələrində yetişdirilib.
Qeyd edək ki, cari ilin əvvəlindən respublikanın avtomobil yollarının mühafizə zolağında 95 000 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Yolların tikintisi zamanı ətraf mühitdən səmərəli istifadə olunması, təbii ehtiyatların itirilməsinin qarşısının alınması, meşə zolağını və bioloji müxtəlifliyi saxlamaq üçün qorunan torpaq sahələrinin sabit inkişaf prinsipləri, ətraf mühitə dəyən zərərin azaldılması, flora və faunanın qorunması, yola yaxın torpaqlarda baş verə biləcək sürüşmələrin və torpaq eroziyasının qarşısının alınması tədbirləri “Azəravtoyol” ASC tərəfindən hər zaman nəzərə alınıb və bundan sonra da bu çərçivədə diqqət daha da artırılacaq.