Şəhid əsgərin medalı Mingəçevirdə atasına təqdim olundu

Azərbaycan ordusunun şəhid olan əsgəri Teymur Sabir oğlu Qasımov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhərində dəfn edilən şəhidin 40 mərasimində onun təltif edildiyi medal atasına təqdim olunub.

 

Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, onun xidmət etdiyi hərbi hissənin rəhbər şəxsləri və şəhər ictimaiyyətinin nümayəndələri Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunan Teymur Qasımovun məzarını ziyarət edib, qəhrəman əsgərin ruhuna dualar oxuyaraq ona Allahdan rəhmət diləyiblər. Mərasimdə çıxış edənlər bildiriblər ki, şəhid qanına boyanan əzəli və əbədi Azərbaycan torpaqları Silahlı Qüvvələrimiz tərəfindən tezliklə düşmən işğalından azad olunacaq və o zaman şəhidlərimizin ruhu dinclik tapacaq. Mərasimdə şəhidin əsgər yoldaşlarından Rəşad Novruzov, Həsən Quliyev çıxış edərək Teymur Qasımovun bacarıqlı döyüşçü olduğunu bildiriblər.


Mərasimdə şəhid Teymur Qasımovun xidmət etdiyi hərbi hissənin komandiri, polkovnik-leytenant Zaur Kərimov onun keçdiyi döyüş yolundan, Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışıb, şəhidlərin qanının yerdə qalmayacağına və işğal altındakı torpaqlarımızın azad olunacağına inamını ifadə edib. Sonra polkovnik-leytenant Zaur Kərimov Teymur Qasımovun ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını atası Sabir Qasımova təqdim edib.


Qeyd edək ki, 1992-ci il təvəllüdlü Qasımov Teymur Sabir oğlu aprelin əvvəlində cəbhənin Tərtər-Ağdərə istiqamətində, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov