Şəhid gizirin medalı Astarada ailəsinə təqdim edildi

Şəhid gizir Pəncəli Teymurovun ölümündən sonra ölkə başçısının sərəncamı ilə layiq görüldüyü "Vətən uğrunda" medalı bu gün doğulduğu Astara rayonunun ucqar Əzərüd kəndində  ailə üzvlərinə təqdim olunub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə şəhidin doğmaları ilə yanaşı, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin əməkdaşları, əlaqədar qurumların səlahiyyətli şəxsləri, kənd sakinləri iştirak ediblər.

 

Tədbirdə səslənən çıxışlarda cəbhə bölgəsində “Lələtəpə” zirvəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Pəncəlinin şərəfli ömür yolundan söz açılıb. Bildirilib ki,  1999-cu ildən hərbi xidmətdə olan Pəncəli Teymurov hələ 2015-ci ildə də göstərdiyi şücaətə görə ölkə başçısının sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

 

Pəncəli Teymurovun qəbrini ziyarətə gələnlər arasında Türkiyədə birgə təhsil aldıqları tələbə yoldaşları və müəllimləri də olub. Onlar vaxtilə Pəncəli ilə birgə çəkilən şəkilləri onun  valideynlərinə təqdim ediblər.

 

Layiq görüldüyü “Vətən uğrunda” medalı isə atası Nurməmməd kişinin sinəsinə taxılıb. Nurməmməd Teymurov oğlunun şücaətinə verilmiş qiymətə, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.

 

Mərasim iştirakçıları şəhidin kənd qəbiristanlığındakı məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar. 

Müəllif | Apa.Tv