Düz bir il əvvəl: Binəqədidə yanğın baş vermiş binadan REPORTAJ

Bakının Binəqədi rayonunda yaşayış binasında 15 nəfərin ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsindən düz bir il ötür. Bununla bağlı binanın qarşısında anım tədbiri keçirilib.

 

APA TV-nin məlumatına görə, anım mərasimində ictimaiyyət nümayəndələri, hadisə zamanı ölənlərin yaxınları, ailə üzvləri iştirak edib. Hadisə zamanı həlak olanların ruhlarına dualar oxunub, binanın qarşısına güllər düzülüb.

 

Yanğın baş verdi, dünyadan köçənlər köçdü, yaralananlar sağaldı. Hadisənin səbəbkarları saxlanıldı və həbs edildi. Baş Prokurorluq bununla bağlı müvafiq bəyanat da yaydı. Bina sakinləri artıq yenidən təmir olunmuş mənzillərinə köçüblər. Amma təmirlə bağlı fərqli fikirdədirlər. Razı qalanlar da var, narazı olanlar da.

 

- Evdə idim. Tüstü hər yanı bürümüşdü. Güclə aşağı düşdüm. İnanın, hadisədən sonra şəkər xəstəliyinə tutulmuşam. Tək mən deyiləm, bütün sakinlər demək olar ki, həyəcandan hələ də özlərinə gələ bilməyiblər. Dövlət başçısına təşəkkür edirik, bizim üçün yenidən hər bir şərait yaratdı. 4 ay hökumətin hesabına yaşadıq, ey pulu vermədik, bizə himayədarlıq etdilər. Evimiz təmir olundu.

 

- Evim tam təmirli idi. Hər bir şəraitim var idi. Neçə illərdi bu binada yaşayıram. Qayınatama vermişdilər bu evi, 32 ildir buranın sakiniyəm. Bina yananda evdə kəskin iy hiss elədim. İki nəvəmlə evdə idim. Qonşulara hay-küy saldım. Uşaqları götürüb qaçmışam. Hələ də nəvələrimdən biri tüstüdən boğulduğu üçün xəstədir. Mənzilimizi təmir edib veriblər bizə, amma içərisində mebeldən başqa heç nə yoxdur.

 

Bina sakinləri ilə söhbətdən sonra mərasim yerinə baş çəkirik. Sakinlərin təşəbbüsü ilə hadisə zamanı dünyasını dəyişənlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub.

 

Sakinlər baş verən faciəli hadisəni belə xatırlayırlar: "Evdə oturub televizora baxırdım, bir də eşitdim ki, rəhmətlik dayım oğlu Sahib Bağırovun və onun bacısı Firəngiz xanımın adını çəkdilər. Anamla dərhal zəng edib öyrəndik ki, bədbəxt hadisə nəticəsində bir mənzildə bacı-qardaş ölüblər. Sahib fiziki cəhətdən çox sağlam və gümrah idi, bəlkə də tək olsa qaça bilərdi, amma bacısını tək qoymamaq üçün qalıb . O dövrdə bütün qurumlar, Baş Prokurorluq, Prezident Administrasiyası, Fövqəladə Hallar Nazirliyi hamısı burda idi. Gərək sözün düzünü deyəsən, yaxından köməklik göstərdilər".

 

Hazırda Azadlıq prospektində yanan 16 mərtəbəli binanın əvvəlki görünüşündən demək olar ki, əsər-əlamət qalmayıb. Beş ay müddətində təmir edilən bina son tikinti standartlarına uyğun şəkildə təhvil verilib. Sovetlər dönəmində istifadəyə verilən bu binada təmirdən sonra lift sistemindən tutmuş, istilik sisteminə və yanğından təhlükəsizliyə qədər hər şey yenidən quraşdırılıb.

 

Yanan köhnə tikilinin əsasında tam yeni bina inşa edilib. Görülən işlərdən sonra 59 mənzilli binada təmir işləri beş ay müddətində yekunlaşıb və sakinlər öz evlərinə köçməyə başlayıb. Təhvil verilən mənzillər mebel, vanna otağı aksesuarları, paltaryuyan və qaz sobası kimi məişət texnikası ilə təchiz edilib.

 

Otaqların tavan hissələri sökülərək yeni alçıpanlarla əvəz olunub. Mənzillərdə su-kanalizasiya xətlərinin çəkilməsi işləri isə artıq başa çatdırılıb. Mənzillərdə istilik sistemləri quraşdırılıb. Su xətləri yenilənib. Bloklarda olan liftlər dəyişdirilərək yeniləri ilə əvəz olunub. Pəncərə və qapıların hər biri yenisi ilə əvəz olunub.

 

Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs ediliblər.

 

Təqsirləndirilən şəxslərin cinayət işi bir neçə gün əvvəl baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı