Bakıda Beynəlxalq Qida sənayesi sərgisi açılıb

Bakı Ekspo Mərkəzində Beynəlxalq Qida sənayesi ("WorldFood Azerbaijan 2016") və "CaspianAgro - 2016" X Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri öz işinə başlayıb.

APA TV-nin xəbərinə görə, bu tədbirlər çərçivəsində eyni zamanda "Məhsul gübrənin törəməsidir" mövzusunda beynəlxalq konfrans da keçirilib.

Konfransda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov öncə ölkə başçısı İlham Əliyevin sahibkarlara, xüsusilə  də fermerlərə göstərdiyi qayğıdan söz açıb.

Nazir bugünkü konfransın bir sıra zərurətlərdən meydana çıxdığını bildirib. Onlardan biri kimi son zamanlar kənd təsərrüfatı sahəsinin inkişafının ölkəmizdə gübrəyə olan tələbatı artırdığını önə çəkib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum hər zaman Azərbaycanda fəaliyyət göstərən gübrə istehsalçılarına öz dəstəyini göstərir və bu tendensiya bundan sonra da davam edəcək. Heydər Əsədov həmçinin kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara kömək məqsədilə bu yaxınlarda nazirlik tərəfindən yaradılacaq yeni sistem barəsində də danışıb: "Cənab prezidentin tapşırığına uyğun olaraq, 7 moduldan ibarət elektron xidmətlər sistemini yaratmağı planlaşdırırıq. Bu 7 modul çərçivəsində əldə etdiyimiz nailiyyətlər, eləcə də "Aqrolizinq" və Texniki Nəzarət Müfəttişliyində əməliyyatların avtomatlaşdırılmasını biz orada təmin etmişik".

Tədbirdə həmçinin Avropa İttifaqının və bir sıra qurumların nümayəndələri çıxış edərək, son zamanlar ölkəmizdə iqtisadiyyatın bir çox sahələri kimi kənd təsərrüfatı sahəsinin də inkişafından bəhs ediblər.

Ənənəvi olaraq hər il təşkil olunan  “WorldFood Azerbaijan” sərgisinə gəlincə, burada yerli, həm də əcnəbi aparıcı istehsalçıların təmsilçiləri və təchizatçıları iştirak edir. Bu il sərgiyə qatılanlar arasında Almaniya, Birləşmiş Ərəb Əmirlikləri Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna, və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin adı var.

Sərgidə gündəlik tələbat üçün nəzərdə tutulan qida məhsuları, konservləşdirilmiş yeyinti, süd və süd məhsulları, o cümlədən şirniyyat və içkilər, yeyinti sənayesində ixtisaslaşmış yerli və əcnəbi şirkətlərin istehsalı olan məhsullar, habelə ölkəmizdə yetişdirilən meyvə-tərəvəz çeşidləri təmsil olunur. Sərgi çərçivəsində yerli və əcnəbi iş adamları arasında biznes münasibətlərinin daha da möhkəmləndirilməsi, yeni və uğurlu əlaqələrin yaradılması hədəflənib.

Sərginin daha bir maraqlı guşəsi də kənd təsərrüfatı texnikasının sərgiləndiyi hissədir. Burada  nümayişə Almaniya və Cənubi Koreya istehsalı olan kənd təsərrüfatı texnikası çıxarılıb.

Hər il şirkətlərin “WorldFood Azerbaijan” sərgisində təqdim etdikləri yeni texnologiyalar və təcrübə mübadiləsi yüksək keyfiyyətli ixrac məhsullarının istehsalı üçün mühüm şərtdir. Keçirildiyi illər ərzində sərgi mütəxəssislərin ənənəvi görüşləri, eləcə də avadanlıq, məhsul və qida sənayesi üzrə xidmətlərin nümayiş etdirilməsi baxımından etibarlı platforma olmaqla yanaşı, eyni zamanda yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradır. Sərgi mayın 21-dək davam edəcək.

Müəllif | Apa.Tv
Fərid Rəsulov