Kürdəmirdə iki avtomobil toqquşdu, 3 nəfər yaralandı
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 192-ci kilometrliyində, Kürdəmir rayonunun Atakişilər kəndindən keçən hissəsində qeydə alınıb.
Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Mahir Bayram oğlu Bəndəliyevin idarə etdiyi "KİA" markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Şirin oğlu Bayramovun idarə etdiyi "NİVA" markalı minik maşını toqquşub. Nəticədə "NİVA"nın sürücüsü və "KİA"-nın sərnişinləri - Bərdə rayon sakinləri, 1968-ci il təvəllüdlü Seymur Bayram oğlu İsrafilov və 1966-cı il təvəllüdlü Təbiyyət Surxay oğlu Şirinov müxtəlif xəsarətlər alıblar. Yaralılar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.