Prezident İlham Əliyev Azərbaycanın inkişafına dair sərgi ilə tanış olub
Oktyabrın 10-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi ilə tanış olublar. APA TV-nin xəbərinə görə, sərginin üç pavilyonunda Azərbaycanın sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sahibkarlıq, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, gənclər və idman, ekologiya, su və kanalizasiya, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər, regionların sosial-iqtisadi inkişafının əsas göstəriciləri nümayiş etdirilir.
Mərkəzin birinci sərgi salonunda 14 sahə üzrə 51 dövlət qurumu və 70-dən artıq özəl şirkət təmsil olunur.
Dövlət başçısı və xanımı sərginin bölmələrindəki stendlərə baxıblar, ikinci sərgi salonunda regionların sosial-iqtisadi inkişafına həsr edilmiş pavilyonlarla tanış olublar. Burada quraşdırılmış stendlərdə Dövlət proqramları çərçivəsində hər bir rayon üzrə görülən işlər geniş əks olunub. Sərginin açıq havada təşkil olunmuş hissəsində isə müxtəlif dövlət qurumları və şirkətlər tərəfindən bir sıra texnika və avadanlıq, eləcə də Azərbaycanda istehsal olunmuş məhsullar nümayiş etdirilir.