Tərtərdə daha 6 ədəd partlamamış hərbi sursat aşkarlandı
Tərtərin Əskipara və Cəmilli kəndlərində partlamamış top mərmiləri aşkar edilib. APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 19-da Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatında bildirilir.
Məlumata əsasən, 19 may tarixində 4 ev və həyətyanı sahədə, 6 əkin sahəsi, 25 partlayış yerinə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik partlamamış top mərmisi, 2 ədəd 152 mm-lik partlamamış top mərmisi, 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı və 1 ədəd Qrad raketinin mühərrik hissəsi) tapılıb. Gün ərzində 36 025 kv. m ərazi təmizlənib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.