DSX-də irimiqyaslı taktiki təlimlər keçirildi

2016-cı ilin döyüş hazırlığı proqramına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə 2016-cı ilin may ayının 17-dən 19-dək “Ağgöl” səhra təlim mərkəzində “Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq hücuma keçmiş düşmən qüvvələrinin hücumunun qarşısının alınması, əks həmlədən hücuma keçərək düşmən qüvvələrinin məhv edilməsi və dövlət sərhədinin bərpa edilməsi” mövzusunda irimiqyaslı taktiki təlimlər keçirilib.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, təlimlərin əsas məqsədi Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə Vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi olub.

 

Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.

 

Təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatan­lardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib, təlim müvəffəqiyyətlə başa çatıb.

 

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev təlimdə iştirak edən şəxsi heyəti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə təbrik edib, döyüş hazırlığının daha da yüksəldilməsi üzrə bölmələr qarşısında yeni tapşırıqlar müəyyən edib, Azərbaycan sərhədçilərinin Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları şərəflə icra etməyə daim hazır olduqlarını xüsusi vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv