Milli Məclis Amnistiya aktını qəbul etdi

Bu gün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsi ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçirilib.

 

APA TV-nin məlumatına görə, iclasda, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu amnistiya layihəsi ilə bağlı çıxış edib.

 

O bildirib ki, məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin son vaxtlar Heydər Əliyev Fonduna ünvanladığı çoxsaylı müraciətlə əlaqədar aparılan təhlillər cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla, həmin şəxslərə münasibətdə humanizm və mərhəmət prinsiplərinin nümayiş etdirilməsini zəruri edir: “Heydər Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktının qəbul edilməsinin təşəbbüskarı olub. Milli Məclis tərəfindən qəbul edilmiş 2007-ci il 8 may tarixli qərarla 9877, 2009-cu il 17 mart tarixli qərarla 9564, 2013-cü il 7 may tarixli qərarla isə 10040 məhkum barəsində amnistiya tətbiq edilib. Heydər Əliyev ideallarını yaşadan, humanizm, mərhəmətlik və insanpərvərlik ənənələrini davam etdirən Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasəti rəhbər tutaraq və amnistiyanın tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək, 28 May - Respublika Günü münasibətilə amnistiyanın elan edilməsini təklif edirəm. Amnistiya aktı layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan  ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər".

 

Heydər Əliyev Fondunun prezidenti deyib ki, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. Aparılan təhlillərə əsasən təqribən 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilməsi proqnozlaşdırılır: "Hər birimiz azadlığa çıxan insanlara yardımçı olmalıyıq. Mərhəmət və humanizm prinsipi ilə yaşayan cəmiyyətlər həmişə inkişaf edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Biz onlara bu şansı verməliyik. Ümidvaram ki, amnistiyaya düşən şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olacaqlar”.

 

Millət vəkili Mehriban Əliyeva deputat həmkarlarını “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinə dəstək verməyə çağırıb.

 

Layihənin müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, hərbi cinayətlərdə, Xocalı soyqırımında iştirak etməyən, zorla hərbi xidmətə cəlb edilən erməni vətəndaşlarına da amnistiya tətbiq olunmalıdır.

 

Zahid Oruc isə Cinayət Məcəlləsinə dəyişiklik edildiyini və 144-cü maddədə qız qaçırmanın adam oğurluğu kimi əksini tapdığını xatırladıb: “Bu insanlar 10-12 il azadlıqdan məhrum edilirlər. O insanlardan danışanda sual ortaya çıxır ki, bu əməl sizin qız övladınıza qarşı olsaydı, nə edərdiniz? İnsan bu sualdan sonra sakitcə gedir. Təbii ki, biz insanların normal ailə qurmasını arzu edirik, belə hallara da gələcəkdə rast gəlinməməsini arzulayırıq. Ancaq qız qaçırmaya görə məhkum olunmuş insanların bir dəfə əfv edilməsi, onlara bir şans verilməsi yaxşı olardı”.

 

Qənirə Paşayeva deyib ki, amnistiya aktının mahiyyəti bir dəfə səhvə yol vermiş insanlara daha bir şans verilməsi barədə mesajdır: “Həbsxanalar, cəzaçəkmə müəssisələrinə ilk dəfə düşən insanlar amnistiya aktı nəticəsində daha yaxşı islah olunurlar. Bu insanlar bağışlanırsa, cəmiyyətdə, ailədə də o insanlara yenidən şans verilməlidir. Amnistiya aktının Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və yaxınlarına şamil olunması özü də önəmli bir mesajdır. Bu amnistiya aktının 28 May - Respublika Günü ərəfəsində qəbul edilməsi isə Cümhuriyyətə verilən böyük önəmi ifadə edir”.

 

Müzakirələrdən sonra “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv