Əfqanıstanda təyyarə qəzasında ölənlərin cəsədləri Bakıya gətirildi
Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün cəsədləri bu gün Bakıya gətirilib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından "APA-Economics"ə verilən məlumata görə, bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.
Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb.
Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub. Onlar hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü Özbəkistan vətəndaşı Şaydanov Rəşid Rəhmanoviç, ikinci pilot, 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abdullayev Altay Oqtay oğlu, şturman, 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əsədullayev Nazim Orucəli oğlu, bortmühəndis, 1964-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Rzayev Nadir Adıgözəl oğlu, radio-operator, 1964-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Şahverdiyev Firdovsi Şir oğlu, bort operatoru, 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Zülfiyev Azər Ağakişi oğlu, texnik, 1969-cu il təvəllüdlü Ukrayna vətəndaşı Zadnipryanets Ruslan Vladimiroviç, texnik, 1955-ci il təvəllüdlü Ukrayna vətəndaşı Qanja Andrey Nikolaeviç, texnik, 1963-cü il təvəllüdlü Ukrayna vətəndaşı Əliyev Rəmzi Mamudoviçdir.
Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.
Bundan əlavə, qəzaya uğrayan “An-12” təyyarəsinin “qara qutuları” Bakıya gətirilib və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. “Qara qutular”ın oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq.