Şəhid gizirin medalı Kürdəmirdə ailəsinə təqdim olundu
Aprel ayının əvvəllərində cəbhədə gedən döyüşlərdə şəhid olmuş gizir Tural Gülşad oğlu Qurbanovun 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı bu gün doğulduğu Kürdəmir rayonunun Sığırlı kəndində atasına təqdim olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, təqdimat mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, yüksək rütbəli hərbçilər və kənd sakinləri iştirak edib.
Mərasimdə çıxış edənlər cəbhədə gedən döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi igidlikdən danışıb, torpaqlarımızın tezliklə azad olunacağını və şəhidlərimizin qanının yerdə qalmayacağını bildiriblər.
Qeyd edək ki, iki övlad atası olan Tural Qurbanov Tərtər istiqamətində, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.