Nümayişçilər İraq baş nazirinin iqamətgahını tutdu, qan töküldü
İraqda korrupsiyaya qarşı etiraz edən nümayişçilər ölkənin baş naziri Heydər əl-Abadinin iqamətgahına soxulub.
APA TV-nin xəbərinə görə, polisin atəş açmasına baxmayaraq, etirazçılar hökumət evi və bir sıra diplomatik missiya yerləşən əraziyə daxil ola biliblər.
“Yaşıl zona” adlanan ərazidə polis əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalar zamanı 3 nəfər ölüb, onlarla adan yaralanıb.
İraq hökuməti iğtişaşlarla əlaqədar paytaxt Bağdadda komendant saatı elan edib. Bundan başqa, İraq paytaxtının bütün giriş və çıxışları bağlanıb. Hazırda “Yaşıl zona”ya gedən əl-Cümhuriyyə körpüsündə toqquşmalar davam edir.
İraq parlamentinin spikeri Səlim əl-Cəburi parlament bloklarının liderlərini fövqəladə toplantıya çağırıb.
İraqdakı siyasi böhran əhalinin ölkədə korrupsiya səviyyəsinin artmasından narazılığı ilə başlayıb. Etiraz aksiyalarının iştirakçıları hökumət orqanlarının dini prinsiplərlə formalaşmasını nəzərdə tutan konfessiya kvotasının ləğvini də tələb edirlər