Qalmaqallı hakim qərarı: “Xəzər Lənkəran” çempionatla vidalaşdı
Topaz Premyer Liqasının sonuncu turunda keçirilən “Rəvan” - “Xəzər Lənkəran” (2:2) oyunu qalmaqalla yadda qalıb.
APA TV-nin məlumatına görə, qarşılaşmanın 82-ci dəqiqəsində "ağ-yaşıllar"ın qapısına şübhəli penalti təyin edən baş hakim Ramil Diniyevin qərarı etiraza səbəb olub.
11 metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirən meydan sahibləri heç-heçə sayəsində Premyer Liqada yerini qorusa da, “Xəzər Lənkəran” çempionatla vidalaşıb.
Mübahisəli qərara Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də münasibət bildirib. O, Apasport.az saytına açıqlamasında oyuna baxmadığını deyib. Ramin Musayev əlavə edib ki, "Qarabağ" - AZAL qarşılaşmasında olduğundan, həmin epizodu görə bilməsə də, qarşılaşmadan sonra hakim Ramil Diniyev zəng edərək, oyun haqda qısa məlumat verib: “Diniyev mənə oyunu yüksək səviyyədə keçirdiyini bildirdi. Penaltiyə gəlincə, hakim qeyd etdi ki, həmin epizodda "Xəzər Lənkəran"ın müdafiəçisi “Rəvan”ın futbolçusunu dirsəyi ilə vurur. Hər halda, mənə elə dedi”.