Bakıda polis əməkdaşı qəza törətdi: 2 yaralı
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Şəhər şosesində qeydə alınıb.
Şosenin Zabrat qəsəbəsi istiqamətində olan hissəsində “Opel” markalı 10 TZ 942 dövlət nömrə nişanlı minik maşını və "NİVA" markalı 99 FN 095 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Qəza nəticəsində "NİVA"-nın sürücüsü Cəlal Camal oğlu Əliyev və “Opel”in qadın sərnişini xəsarət alıblar.
Cəlal Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşıdır. O, əvvəlcə 3 saylı Şəhər Klinik Xəstəxanasına, oradan isə Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. Yaralı sərnişin isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun anasının həmin xəstəxanada həkim işlədiyi bildirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.