İrəvan erməniləri: "Biz quluq, ancaq üsyan edib qurtula bilərik"

Ermənistan baş nazirinin bu yaxınlarda ölkə iqtisadiyyatının qənaətcil rejimə keçməsi ilə bağlı tapşırıqları sadə vətəndaşların etirazına səbəb olub.

APA TV-nin xəbərinə görə, bunu, Ermənistanın İctimai TV-nın paytaxtda keçirdiyi sorğusunun nəticələri də təsdiq edir.

Nazirlər Kabinetinin toplantısında Ovik Abramyan həmçinin bəyan edib ki, Ermənistanda korrupsiyaya qarşı da mübarizə sərtləşdiriləcək.

İrəvan sakinləri isə hökumət rəhbərinin bu bəyanatına inanmadıqlarını bildirirlər. "Biz ölümün bir addımlığındayıq. İnsanları dilənçi kökünə salıb, özlərinə qul ediblər. Bu çox çəkməyəcək. Etirazlar onsuz da var, ardınca isə üsyan və inqilab olacaq. Halbuki, biz başqa cür də yaşaya bilərdik", - deyə, yaşlı erməni vətəndaş bildirib.

Gənclər də eyni fikirdədir. Onlardan biri qeyd edib ki, istədiyi işlə hər adam məşğul ola bilmir: "Hər şey məhdudlaşdırılıb. Büdcə də, istənilən sahədə biznes də bir neçə şəxsin əlindədir. Onlar nə istəyirlər, edirlər. Əgər mən özümə çox kiçik bir gəlir sahəsi təşkil etmək istəsəm belə, bu, alınmayacaq, imkan verməyəcəklər. Sadə insanların üzünə bütün yolları bağlayıblar. Vergilər isə çox yüksəkdir".

Xatırladaq ki, Ermənistanın baş naziri bir neçə gün əvvəlki çıxışında ölkədə inhisarın olmadığını, istənilən adamın azad sahibkar kimi fəaliyyət göstərməsində heç bir əngəl görmədiyini açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv